Hörmətli Qalib müəllim, Sizi və “Xocalının səsi” qəzetinin bütün əməkdaşlarını qəzetin ilk nüsxəsinin işıq üzü görməsinin 30 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirik. Qəzetin yaranma tarixi bütövlükdə Azərbaycanda, Qarabağda, eləcə də Xocalıda erməni işğalçıları tərəfindən törədilən çox ağır ictimai-siyasi vəziyyətin gərginləşərək kulminasiya nöqtəsinə çatdığı bir dövrə təsadüf edirdi. Həmin dövr həm də Ümummilli lider Heydər Əliyevin 1987-ci ildə qatı ermənipərəst Mixail Qorbaçov tərəfindən Moskvada tutduğu yüksək vəzifədən - SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən kənarlaşdırılması, ermənilərin işğalçılıq niyyətlərini həyata keçirmələrinə şərait yaradılması kimi tarixə həkk olundu. Çünki Heydər Əliyev nüfuzu bütün erməni diasporuna qarşı təkbaşına vuruşurdu və bu nüfuz erməni vandallarını lərzəyə salan ən böyük baryer idi. Bu baryer indi də bütün gücü ilə yaşamaqdadır. M.Qorbaçovun və onun xanımı, erməni xislətli Raisa Maksimovnanın yaxın silahdaşlarından olan akademik Aqanbekyan 1987-ci il noyabrın 18-də Fransada çap olunan “Humanite” qəzetində Dağlıq Qarabağın Ermənistan SSR-ə birləşdirilməsinə Mixail Qorbaçovun razılıq verdiyi haqqında məlumat dərc etdirmişdi. 1988-ci ilin fevral ayının 12-də Xankəndidə bundan “ruhlanan” erməni terrorçuları “Miatsum” – Ermənistana birləşmə - mitinqinə başladılar. 1988-ci il sentyabrın 18-də çoxsaylı mitinq iştirakçıları Xocalıya hücum edərək evləri yandırmaq, əhalini öz doğma torpaqlarından qovmaq, qırmaq planlarını həyata keçirmək istədilər. Ancaq Xocalının igid oğlanları əliyalın olsalar da qəfil gələn bu hücumun qarşısını qəhrəmanlıqla ala bildilər. Xüsusilə, Xocalı sakini Yavər Əzimovun cəsarətlə irəli atılaraq mitinqçilərin önündə gələn və içi silahla dolu olan “Kamaz” markalı maşının sürücüsünü bir an içində tam mənada zərərsizləşdirməsi, mitinqçilərin şil-küt edilərək geri qaytarılmasında mühüm rol oynadı, bu qələbənin dayaq nöqtəsinə çevrildi. Bu qələbənin təmin olunmasında Xocalının 5 nəfərlik Komitə üzvünün – Elman Məmmədov, Eldəniz Allahverdiyev, Ələsgər Novruzov, Yavər Əzimov, Murad Şükürov tərəfindən seçilən düzgün taktika öz mükəmməl sözünü dedi, düşmən geri qaytarıldı. Həmin əlbəyaxa döyüş Xocalıda Xocalının Qəhrəmanlıq salnaməsinə çevrildi. Xocalıların qəhrəmanlıq şücaətini əks etdirən bu hadisə “İzvestiya” qəzetində ermənilərə yazıqlanmaq motivləri səpkisində yazılsa da, mətbuatda – Moskvanın mərkəzi qəzetinin səhifələrində dərc olunmuşdu. Lakin, həmin dövrlərdə Xocalının, Qarabağın, bütövlükdə Azərbaycanın səsini beynəlxalq miqyasda eşidən yox idi. Belə bir çıxılmaz vəziyyətdə “Xocalının səsi” qəzetinin dərc olunması haqqında qərar qəbul edildi. Qəzetin ilk baş redaktorları bacarıqlı qələm sahibləri, vətənpərvər ziyalılar Sərdar Mehdiyev, sonra isə Qasım Qırxqızlı oldu. Onların rəhbərliyi altında uzun illər çox mühüm işlər yerinə yetirildi, Xocalının səsini dünyaya çatdırmaq, onun qədim tarixini, ermənilərin bu torpaqlara çar Rusiyası tərəfindən 1828-ci ildən başlayaraq İrandan və digər ölkələrdən Qriboyedovun rəhbərliyi altında köçürülmələrini və s. barədə sənədlərə əsaslanan tutarlı faktları qəzetin səhifələrində dərc etdirdilər. Bu istiqamətdə fəallıq göstərənlərdən biri də soyqırım gecəsində şəhidlik zirvəsinə yüksələn “İgidliyə görə” medalı ilə təltif edilən, Xocalının İcra Hakimiyyəti rəhbərliyində çalışan Şöhrət Usubov idi. O, akademik Ziya Bünyadovla sıx əlaqə saxlayırdı və onun kitablarına əsaslanaraq Qarabağın, Xocalının tarixi barədə “Xocalının Səsi” qəzetində ardıcıl yazılar dərc etdirirdi. Belə yazılar erməniləri çox qıcıqlandırırdı və onlar həqiqəti susdurmağa çalışırdılar. 1992-ci ildə erməni vəhşilərinin törətdikləri Xocalı soyqırımı bəşəriyyətə qarşı çevrilmiş ən ağır cinayət kimi tarixə düşdü. Belə ağır vəziyyətdə Xocalı ziyalılarını səfərbər etməyi bacaran general-polkovnik Ramil Usubov, MM-in deputatı Elman Məmmədov kimi rəhbər dövlət işçiləri soyqırımından təsadüfən sağ çıxan Xocalıların əsil xilaskarlarına çevrildilər. Bu istiqamətdə Şahmar, Elmar, Asif Usubov qardaşları, Məhəmməd Şükürov, Elçin Abışov, əməkdar həkimlər Eldəniz Allahverdiyev, Məmməd Nağıyev, Kamal Məmmədov, şair Yusif, Savalan, Cavid və Cahid qardaşları, Yavər Əzimov, əməkdar müəllim Murad Şükürov, Teymur Məmmədov, jurnalist Səriyyə Müslümqızı, şairlərdən Allahyar və Ələmdar Quluzadə qardaşları, Şahmalı müəllim, Ağamalı müəllim, Göyüş müəllim, Vidadi müəllim, Cəfər müəllim, fotoqraf Əliş İsmayılov, Sovet Allahverdiyev, Xocalının müəllimləri, tibb işçiləri və digər ziyalıları əl-ələ verərək qırğından, soyqırımından sağ çıxmış, üzülmüş Xocalılara dayaq oldular. Şəhidlik zirvəsinə yüksələn Əlif Hacıyev, Araz Səlimov, Ələsgər Novruzov, Tofiq Hüseynov, İnqilab İsmayılov, Füzuli Rüstəmov, Aqil Quliyev, Hikmət Nəzərli kimi övladlarımız Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görüldülər. Əyilməyən, sınmayan Xocalıların səsini dünyaya çatdıran “Xocalının səsi” qəzetinin və Şamil Sabiroğlunun rəhbərlik etdiyi “Xocalı soyqırımını Tanıtma” İctimai Birliyinin əməkdaşlarının da bu istiqamətdəki böyük xidmətləri danılmaz həqiqətlərdəndir. Onlar qələmlərini ən güclü ideya silahına, təbliğat və təşviqat silahına çevirərək Leyla Əliyevanın “Xocalıya Ədalət” kampaniyasının möhkəm dayaqlarından biri kimi Xocalı soyqırımının dünyaya çatdırılmasında da böyük fədakarlıqlar göstərdilər. “Xocalının səsi” qəzetinin fədakarlığı hazırda da sizin rəhbərliyiniz altında böyük uğurla davam etdirilir. İndi “Xocalının səsi” qəzetinin səsi daha gur səslənir. Buna zəmin yaradan əsas səbəb isə ümummilli lider Heydər Əliyevin layiqli davamçısı, cənab Prezident – Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevdir. Onun yaratdığı Müzəffər Silahlı Qüvvələrimizin, Vətən uğrunda tökülən qanları Üçrəngli Bayrağımızın al rənginə çevrilən Şəhidlərimizin qanı bahasına 27.09. – 10.11.2020-ci il tarixlərində, yəni, 44 gün davam edən Vətən Müharibəsi ərzində bütöv Qarabağ və ətraf rayonlar - 30 illik bir dövrdə erməni təcavüzündə, erməni işğalında qalan müqəddəs torpaqlarımız azad edildi. “Qarabağ Azərbaycandır!” nidası bütün dünyada vahid “Dəmir Yumruq!” timsalında öz əks-sədasını tapdı. Bu əks-sədanın yayılması sırasında “Xocalının səsi” qəzetinin də gur səsinin olması, hamı kimi, bizim də qəlbimizi qürur hissilə doldurur. Qalib müəllim! “Əkinçi” qəzetindən başlayaraq “Xocalının səsi” qəzetinə qədər çatan yolunuz mübarək olsun. İnanırıq ki, bundan sonrakı fəaliyyətiniz daha böyük uğurlar sahibi olacaq. Şuşanın azadlığı Xankəndinin, Xocalının, bütün Qarabağın azadlığı deməkdir. Dünya şöhrətli cənab Prezidentin səbrlə, təmkinlə zamanı çatanda hər şeyi öz sahmanına salaçağı heç kəsdə şübhə doğurmur. Cənab İlham Əliyevlə Türkiyənin Dövlət Başçısı cənab Rəcəb Tayyib Ərdoğanın 15 iyun 2021-ci il tarixində imzaladıqları “Şuşa Bəyannaməsi”nin müddəaları bunu bir daha təsdiqlədi. , bundan sonrakı fəaliyyətiniz müharibələrə yox, sülhə, əmin-amanlığa, maddi-mənəvi quruculuq işlərinə həsr olunsun. Sizi və rəhbərlik etdiyiniz redaksiya heyətinin bütün üzvlərini, bütün oxucuları bir daha “Xocalının səsi” qəzetinin yaradılmasının 30 illik yubileyi münasibətilə təbrik edir, hər birinizə Ulu Tanrıdan möhkəm cansağlığı diləyir, gələcək işlərinizdə yeni-yeni uğurlar arzulayırıq. Bu yolda şəhidlik zirvəsinə yüksələn əsgər və zabitlərimizin, vətənpərvərlik ideyası altında vuruşan igidlərimizin, qələm sahiblərimizin, sıravi insanlarımızın ruhu şad olsun – deyirik. Səmimi hörmət və ehtiramla: Şamil Sabiroğlu, “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri, medonline.az və Sabiroğlu.com saytlarının rəhbəri, “Tərəqqi” medalı və “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi(1918-2018)” yubiley medalının təltifçisi, müharibə veteranı; Mübariz Allahverdiyev, Azərbaycan Tibb Universiteti Rektorunun müşaviri, tibb elmləri doktoru, professor, “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin Ağsaqqallar Şurasının sədri, Qarabağ Müharibəsi veteranı, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, əməkdar müəllim; Taryel Eyvazov, Azərbaycan Tibb Universitetinin dosenti, medonline.az saytının Redaksiya Şurasının sədri, Qarabağ Müharibəsi veteranı, AR Əməkdar həkimi, e.o.Tibb xidməti baş leytenantı.Bakı, 30 iyun 2021-ci il.